Tovhid surəsi
112-ci surə
əl-İxlas (Yalnız Allaha məxsus olan sifətlər) surəsi (Məkkədə nazil olmuşdur, 4 ayədir)
Qur’ani-kərimin yüz on ikinci surəsi olan dörd ayədən ibarət əl-İxlas surəsi Məkkə surələrindən sayılaraq ən-Nas (Qur’ani-kərimin 114-cü) surəsindən sonra nazil olub. Əl-İxlas surəsi islamın ən vacib, onu digər dinlərdən fərqləndirən – Allahın vəhdaniyyətini – yek olduğunu açıq və aydın, eyni zamanda qəti – bəyanı ilə seçilir. Özünün bu tutumuna görə, o – qısa olmasına baxmayaraq – Qur’ani-kərimin üçdə birinə bərabərləşdirilir [3, III, 230; 9, IX, 71–74; 22, XX, 227–228]. Məhəmməd Hüseyn ət-Təbatəbai (1902 – 1981) qeyd edir ki, onun aləmində əl-İxlas surəsinin Qur’ani-kərimin üçdə birinə bərabər etdirən ən ədalətli əsas Qur’anın üç – tövhid, nübuvvət və miad – üsulundan biri olan tövhidi özündə əhatə etməsindədir [27, XX, 452].
Bu surə Qur’ani-kərimin əmrlə başlayan altı surəsindən biridir [35, I, 268].
Əl-İxlas surəsini Məkkə surəsi kimi tanıyanlar sırasında İkrimə ibn Əbi Cəhl Amr ibn Hişam əl-Quraşi əl-Məxzumi Əbu Usman (? – 634), Abdullah ibn Məs‘ud ibn əl-Haris ibn Ğafil ibn Habib ibn Şəmx ibn Far ibn Məxzum ibn Sahilə ibn Kahil ibn əl-Haris ibn Təmim ibn Sə‘d ibn Huzeyl ibn Mudrikə ibn İlyas ibn Mudar Əbu Abd ər-Rəhman əl-Huzəli əl-Məkki (? – 653), Cabir ibn Abdillah ibn Amr ibn Haram əl-Ənsari Əbu Abdillah (? – 697), Mucahid ibn Cəbr Əbu əl-Həccac əl-Məkki (642–722), əl-Həsən əl-Basri ibn Əbi əl-Həsən Yəsar Əbu Səid (642–728), İta ibn Əbi Ribah (? – 733), əz-Zəməxşəri Carullah Əbu əl-Qasim Mahmud ibn Umər (1075–1144), ər-Razi Əbu Abdillah (Əbu əl-Fadl) Fəxr əd-Din Muhamməd ibn Umər ibn Huseyn ət-Təbəristaninin (1149–1210) adlarını çəkmək olar.